Bakı. Trend
Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib.
Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətandaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə gətirilib.
Onun sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: "Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Elmi Tədqiqat Pediatriya İnstitutuna daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir".
Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.