...

Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib - Səbinə Əliyeva

Gündəm Materials 20 Aprel 2023 11:40 (UTC +04:00)
Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib - Səbinə Əliyeva
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xalqımıza qarşı törədilmiş ən böyük təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olmuşdur və bu, məqsədyönlü şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib elementə çevrilmişdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

“Nəticədə həmin dövrdə indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilmişdir. Bu kimi vandal fəaliyyət 30 illik işğal dövründə də davam etdirilmiş, virtual məkanda Azərbaycan adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilmişdir.

Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini, minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olmuşdur.

Azərbaycanlı mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən ölkəmizə məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüquq normalarının, xüsusən “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, ona əlavə olunan 1999-cu il tarixli protokolun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il tarixli Konvensiyasının, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyalarının, onlara əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci il tarixli I Protokolun, “Avropanın memarlıq irsinin qorunması haqqında” 1985-ci il tarixli Konvensiyanın, Avropa Şurasının “Arxeoloji irsə dair Avropa Konvensiyası”nın müddəalarının kobud şəkildə pozulmasıdır.

Hesab edirəm ki, işğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir.

Qeyd etmək istərdim ki, tərəfimizdən beynəlxalq təşkilatlar, o cümlədən xarici ölkələrin milli insan hüquqları institularının nümayəndə heyətləri yerində araşdırma həyata keçirmək məqsədilə ölkəmizə dəvət edilir. Bu çərçivədə bu günədək Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun -TİHEK sədrinin rəhbərliyi altında, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidentinin və Baş katibinin başçılığı ilə, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin başçılığı ilə, həmçinin Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədrinin rəhbərliyi altında nümayəndə heyətləri dəvətim əsasında ölkəmizdə səfərdə olmuşlar.

Həmin nümayəndə heyətləri tərəfindən həyata keçirilən faktaraşdırıcı missiyalar zamanı Ermənistanın işğalı altında olmuş torpaqlarımızda insan hüquqlarının pozulması, eyni zamanda məscidlərin, məbədlərin, məzarlıqların, muzeylərin, mədəniyyət mərkəzlərinin, o cümlədən dövlət teatrlarının, musiqi məktəblərinin, rəsm qalereyalarının və digər təyinatlı obyektlərin tam və ya qismən dağıdılması, təhqir edilməsi, talana məruz qalması faktları aşkar edilmişdir.

Müstəqil monitorinqlər nəticəsində hazırlanan hesabatlar BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən digər beynəlxalq alyanslara və təşkilatlara göndərilmişdir.

Bununla yanaşı, tərəfimizdən müharibə və post-müharibə dövründə həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında müvafiq hesabat, bəyanat və müraciətlər hazırlanaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, habelə milli insan hüquqları institutlarına təqdim olunmuşdur.
Eyni zamnda diqqətinizə çatdırmaq istərdim ki, işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan şəhər və rayonlarında tərəfimdən həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqların kütləvi şəkildə dağıdılaraq müxtəlif formada təhqir edilməsi, bu ərazilərdə yerləşən tarixi, mədəni, dini abidələrin məhv edilməsi, eləcə də mədəni irsin saxtalaşdırılması, talan edilməsi və oğurlanması ilə bağlı faktlar müəyyən edilmişdir.

Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirmək məqsədilə həmin ərazidə monitorinq aparılmışdır. Burada Birinci Qarabağ Müharibəsi dövründə qeyri-insani formada dəfn edilmiş şəxslərin cəsədlərinin təhqir edilməsini sübut edən faktlar araşdırılmış və beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı təcili addımların atılmasına nail olmaq məqsədilə təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara təqdim edilmişdir.

Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə bütün dünyaya ordumuzun şücaət və fədakarlığını,millətimizin sarsılmaz gücünü göstərdi. Xalqımız və ordumuzun Müzəffər Ali Baş Komandana dərin inamı tarixi qələbimizi şərtləndirdi.

Tarixi təcrübə və mövcud reallıqlar bu gün qarşımıza mühüm vəzifələr qoymaqdadır.
Ermənistanın əsrlər boyu azərbaycanlılara qarşı yürütdüyü nifrət və dözümsüzlük siyasəti, bu zəmində törədilən müharibə cinayətləri, kobud şəkildə pozulan insan hüquq və azadlıqları barədə məlumatları dünya ictimaiyyətinə davamlı olaraq çatdırmaq, pozulmuş hüquqların bərpasına nail olmaq, xalqımızın minilliklər boyu formalaşdırdığı zəngin maddi və qeyri-maddi mədəni irsini qorumaq əsas mənəvi və vətəndaşlıq borcumuzdur.

Hesab edirəm ki, hər birimiz bu istiqamətdə səfərbər olmalı, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətimizi davam etdirməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti