Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) Azərbaycanda keçirilməsi barədə qərar Azərbaycana düşmən münasibət bəsləyən bəzi qüvvələri ölkəni qaralama kampaniyasına başlamağa vadar edir.
Bu barədə Trend-ə şərhində iqtisadi elmlər doktoru İnqilab Əhmədov deyib.
"Onların əsas "arqument"i isə neft-qaz hasil edən ölkənin "yaşıl enerji"nin əsl təkanverici qüvvəsi ola bilməyəcəyi və bu cür qlobal tədbirin neft-qaz hasil edən ölkədə keçirilməsinin BMT-nin iqlim sammitinin məqsədləri ilə guya uyğun olmadığıdır. Tənqidçilərin təqdim etdikləri arqumentlərə birbaşa cavab olaraq deyə bilərəm ki, bunlar yüngül dillə desək, "çox süni"dir.
Onun sözlərinə görə, nəyə görəsə belə bir nəticəyə gəlinir ki, Azərbaycan qaz hasilatını səylə artıraraq, çox tezliklə "mavi" yanacağın əsas tədarükçüsü olacaq və Avropanı qazla "əsir alacaq".
"Lakin Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatları göstərir ki, misal üçün, 2023-cü ilin üçüncü rübündə Azərbaycan Avropa İttifaqının minoritar qaz tədarükçüləri arasında yer alıb - Azərbaycandan idxal olunan boru qazının payı 5,9 faiz olduğu halda Norveçdən idxal olunan qaz 48,6 faiz təşkil edib", - deyə İ.Əhmədov vurğulayıb.
Ekspert COP28-in dünyanın ən böyük neft istehsalçılarından olan ölkədə - Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirildiyini və ona qarşı da bənzər tənqidlərin olduğunu, lakin Azərbaycanla bağlı vəziyyətin bir qədər fərqli olduğunu xatırladıb.
"İlk dəfədir ki, indiyə qədər Avropanın preferensiyalarından xüsusən yararlanmamış Azərbaycan kimi gənc dövlət COP konfransına ev sahibliyi edəcək. Azərbaycan hasilat ölkəsi olaraq qalmağa davam etsə də, bərpa olunan enerji mənbələri (BEM) potensialını intensiv şəkildə artırır və bu sahədə qlobal layihələr həyata keçirir.
Lakin nə üçünsə işin bu tərəfi bədxahları maraqlandırmır. İqlim siyasətinə iqlim sahəsində lider dövlətlərin rəhbərlik etməli olduğuna dair arqument əslində dünyanı qazıntı yanacağının tədarükçüləri və istehlakçıları olmaqla iki düşərgəyə ayırır ki, bu da kökündən yanlışdır və hətta təhlükəlidir", - deyə İ.Əhmədov vurğulayıb.
Ekspert bildirib ki, əksinə, bəzən hətta öz gəlirliliyinin zərəri müqabilində BEM potensialını artırmaqla enerji strategiyasının vektorunu inqilabi şəkildə dəyişməyə çalışana hasilat ölkələrinin təşəbbüslərini təşviq etmək lazımdır.
"Lakin xeyr, dünya üçün müsbət görünən bu siqnal tənqidçilər tərəfindən tamamilə rədd olunur, əvəzində isə diqqət qaz sahəsinə investisiyaların artmasına yönəldilir. Reallıq belədir ki, bütün dünyanın və xüsusən, Avropanın hələ uzun müddət təbii qaza ehtiyacları olacaq və bundan qaçış yoxdur", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, bu mənada Azərbaycanın enerji strategiyası dünyadakı "yaşıl enerji" trendi ilə vəhdət təşkil edir - qazıntı yanacağından bərpa olunan enerji mənbələrinə tədricən keçidi nəzərdə tutur.
"Ölkənin iqlim dəyişmələri üzrə hədəf göstəriciləri xəbər verir ki, "yaşıl" iqlim gündəminin həyata keçirilməsi ilə bağlı təkcə Avropa ölkələri deyil (yeri gəlmişkən, bu ölkələr qaz alıcılarıdır), həm də qazıntı yanacağı istehsal edən ölkələr də ön sıralardadır", - deyə İnqilab Əhmədov sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)