Bakı. Trend:
Mövcud qanunvericiliyin tətbiqi ilə bağlı taksi sifarişi operatorları, o cümlədən beynəlxalq sifarişi operatorları ilə görüşlər keçirilib və tələblərlə bağlı ətraflı məlumat verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyin tələblərinə riayət etməyənləri
isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan
taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar
Məcəlləsinə əsasən cərimələnəcəklər.
"Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması
ilə bağlı da cərimələr mövcuddur.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli və hüquqi şəxslərin cərimə edilməsi nəzərdə tutulub.
Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə də sanksiyalar mövcuddur.
“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər cərimələnəcəklər", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.