...

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq

Gündəm Materials 29 Dekabr 2025 14:01 (UTC +04:00)
Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 3 faiz
2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 5 faiz
2500 manatdan 8000 manatadək 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 7 faiz
2500 manatdan 8000 manatadək 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

Bildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyata keçiriləcək:

  • proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10% və 14% dərəcələri ilə);
  • sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%);
  • tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%) endirilməsi

1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması, əmək haqqı fondunun böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək pensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiya kapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əmək haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə böyüməsi olub.

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 459.9 min vahid və ya 85,2 % artaraq 2025-ci ilin avqust ayının 1-nə 999.9 minə çatıb və cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,2 %-ə yüksəlib.

Həmçinin 2018-ci il ilə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin (transfert) xüsusi çəkisi 35,6 %-dən 17,5 %-dək azalıb.

Müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və iş yerlərinin rəsmiləşdirilməsinə, kölgə iqtisadiyyatının həcminin azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə verib.

Vurğulanıb ki, aparılmış islahatların nəticələrinin qorunub saxlanılması və müvafiq sahədə stabilliyin təmin edilməsi məqsədilə, neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən tutulan vergi və sığorta haqlarına yenidən baxılması, həmçinin müvafiq sahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması zərurəti yaranıb.

Mövcud vəziyyətə görə, qeyri-neft özəl sektoru üzrə muzdlu işdən aylıq gəlirin vergi və sığorta dərəcəsinin tənzimlənməsi istiqamətində qanunvericiliyə edilən dəyişikliklərlə aşağıdakılar proqnozlaşdırılır:

  • mərhələli və yumşaq keçidlə biznesin fiskal yükünün tənzimlənməsi, neytral saxlanılması və büdcə gəlirlərinin qorunması;
  • şəffaflaşma nəticələrinin qorunub-saxlanılması;
  • müvafiq sahədə "kölgə" imkanlarının minimuma endirilməsi;
  • işçilərin gəlirlərindən tutulmaların minimal səviyyədə saxlanması ilə rəsmi gəlirlərin artırılması və stimullaşdırılması.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti