Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həllinə dair iclas keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni fərmana əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında həyata keçirilən optimallaşma haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident cənab İlham Əliyevin fərmanı yerli icra hakimiyyəti orqanlarının strukturunun dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkili, optimallaşdırılması və onların fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edəcək.
İclasda həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Yaqut Məsimovanın yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi bildirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yaqut Məsimovaya xoş arzularını çatdırıb, onu rayonun ictimai həyatında fəal iştirakına və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
Yaqut Məsimova dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Həmçinin rayon rəhbərinə təşəkkürünü ifadə edib.