...

Somalidə girov götürülən BMT əməkdaşları azad edilib

Hadisə Materials 16 Mart 2009 23:58 (UTC +04:00)
Somalidə girov götürülən BMT əməkdaşları azad edilib

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir İ.Sultanov/ Somalidə oğurlanan BMT əməkdaşları azad edilib. Onların arasında Azərbaycan vətəndaşı da var. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin Nyu-Yorkdan telefonla Trend -a verdiyi məlumata görə, girov götürülən Mirağa Babayevin sağlıq durumu normaldır.
Mehdiyevin sözlərinə görə, həmyerlimiz girovluqda olduğu müddətdə zorakılığa məruz qalmayıb.
Babayevin bundan sonrakı taleyinə gəldikdə isə Mehdiyev bildirib ki, hazırda o təşkilatın Somalidəki nümayəndəliyindədir və güman ki, bu ölkədəki fəaliyyətini davam etdirəcək.
Hadisə bu gün səhər Maqadişodan 200 km. cənubda yerləşən Vacid yaşayış məntəqəsində baş verib. Silahlılar Ümumdünya Ərzaq Proqramının və BMT-nin İnkişaf Proqramının əməkdaşlarının olduğu avtomobilə onların yerli aerodroma gedən zaman hücum ediblər.
BMT-nin məlumatına əsasən 2008-ci ildə Somaliyə humanitar missiya ilə gələn qurum əməkdaşlarından 35 nəfər qətlə yetirilib, 26 nəfər oğurlanıb. 2009-cu ildə isə Somalidə iki BMT əməkdaşı öldürülüb.
1991-ci ildən Somalidə faktiki olaraq mərkəzi hökumət yoxdur. Ölkədə və onun məhəllə sularında quldurlar qarət, qətl və insan oğurluğu ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti