Azərbaycanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində altı kəndə ciddi ziyan dəyib - nazir müavini

Hadisə Materials 28 Sentyabr 2009 16:38 (UTC +04:00)
Azərbaycanın cənubunda baş vermiş təbii fəlakətlə əlaqədar hadisə yerində olan Etibar Mirzəyev bildirib ki, daşqın nəticəsində Masallı rayonunun altı kəndinə ziyan dəyib
Azərbaycanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində altı kəndə ciddi ziyan dəyib - nazir müavini

Azərbaycan, Lənkəran, 28 sentyabr / Trend , müxbir P.Əliyeva/

Sel nəticəsində Azərbaycanın cənubunda yerləşən Masallı rayonunun (paytaxt Bakıdan 240 kilometr aralı) altı kəndinə ciddi ziyan dəyib. Trend -un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

"Hazırda fəlakət rayonunda mülki müdafiə qoşunlarının çadırları qurulub. Daşqın nəticəsində çiy kərpicdən tikilmiş 15-ə yaxın ev dağılıb. Həmin evlərin əşyaları çadırlara köçürülüb", - deyə Mirzəyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hadisə yerində işləyən texniki qurğular hadisə nəticələrini aradan qaldırır. "Sel nəticəsində dəymiş ziyan komissiya tərəfindən araşdırılacaq və nəticə açıqlanacaq", - Mirzəyev deyib.

Daşqın nəticəsində Masallı rayonunun Türkoba, Bədəlan, Mollaoba, Ərkivan, Bambaşı və Qızılavar kəndləri ziyan çəkib.

Regional Hidrometeorologiya Mərkəzinin Lənkəran hidrometeorologiya stansiyasının rəisi Nisəxanım Məmmədovanın Trend -a bildirdiyinə görə, sutka ərzində ən çox yağıntı Masallı rayonuna 155 mm olmaqla, Lənkərana isə 36 mm olmaqla düşüb. Onun sözlərinə görə, yağmurlu hava şəraiti sentyabrın 30-na qədər davam edəcək.

Rayonun fövqəladə hallar komissiyasının sədri Nadir Abıyev öncə Trend -a bildirib ki, dünən axşam saatlarında yağan aramsız və güclü yağışlar nəticəsində gecə saat 01.00 radələrində Viləşçay və Boradigah çayları məcrasından çıxıb və nəticədə 20-dən artıq kəndi su basıb. Suyun səviyyəsi 60-70, bəzi kəndlərdə isə 1 metrə çatıb.

Abıyevin sözlərinə görə, son 20 il ərzində rayona ilk dəfə belə güclü yağışlar yağır. Vəziyyət çox ağır olduğundan Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Su basmış kəndlərin əhalisi Kamaz markalı avtomobillərlə kəndlərdən çıxarılıb və müvəqqəti olaraq qohum-əqrabalarının evlərində yerləşdirilib. İnsan tələfatı olmasa da, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Rayonun 5 ərazi nümayəndəliyində rabitə və elektrik enerjisi kəsilib. Rayonda hazırda yağışlar davam edir. Lənkəranda da yağan yağışlar nəticəsində rayon mərkəzi və bəzi kəndlər işıqsız qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti