...

Azərbaycanda 2010-cu ildə mina partlayışından dörd nəfər zərər çəkib

Hadisə Materials 7 Yanvar 2011 17:02 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə günü Trend-ə daxil olan məlumata görə, zərərçəkənlərdən biri həlak olub.
Azərbaycanda 2010-cu ildə mina partlayışından dörd nəfər zərər çəkib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 2010-cu ildə mina partlayışından dörd nəfər zərər çəkib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə günü Trend-ə daxil olan məlumata görə, zərərçəkənlərdən biri həlak olub. Dekabr ayında isə 1 mina/partlamamış hərbi sursat (PHS) hadisəsi qeydə alınıb.

2010-cu ilin dekabr ayı ərzində 3,072,171 kvadratmetr ərazi yoxlanılıb, mina və PHS-dən təmizlənib. ANAMA-nın mətbuat xidmətindən cümə günü Trend-ə daxil olan məlumata görə, 6,306 PHS və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edib.

ANAMA-nın məlumatında o da qeyd olunub ki, indiyədək cəmi 151,820,465 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 640,589-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Füzuli, Ağcabədi, Tərtər, Ağdam, Tovuz, Goranboy, Göy-Göl və Gədəbəy rayonlarının ərazilərində, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2010-cu ilin 12 ayı ərzində respublikanın müharibə getmiş ərazilərində və NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində keçmiş sovet ordusuna məxsus sursat anbarlarının partladılması nəticəsində Ağstafa rayonu Saloğlu kəndi və Ceyrançöl ərazilərinə səpələnmiş mina və partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarını davam etdirməklə, Füzuli, Ağcabədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz və Ağstafa rayonlarında 29,717, 406 kv.m. ərazi təmizlənib, 64,448 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib və ərazilər tam təhlükəsiz vəziyyətdə yerli icra orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti