İranda fevralın 14-də Tehranda keçirilmiş aksiyalarda güllə yarasından həlak olmuş kürd əsilli tələbənin dəfn mərasimi zamanı tələbələr və hakimiyyətə bağlı olan "Bəsic" (könüllü inqilabçılar) təşkilatı arasında qarşıdurma olub. Trend-in məlumatına görə, bu barədə İranın kaleme.com saytı məlumat verib.
Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi İran xalqını Misir və Tunis inqilablarını dəstəkləmək üçün aksiyaya dəvət edib. Fevralın 14-də keçirilən aksiyalarda 2 nəfər güllə yarasından həlak olub.
İRNA agentliyi kürd əsilli, Tehranın İncəsənət Universitetinin tələbəsi olan Sane Jalənin "Xalq Mücahidləri" təşkilatı tərəfindən öldürüldüyünü iddia edib. İRNA-nın məlumatına əsasən, Jalə "Bəsic" üzvu və Əhmədinejadın tərədarı olub.
Lakin, müxalifətin kaleme.com saytı Jalənin Musəvinin təbliğat kampaniyasındakı, eləcə də müxalifətdən olan ayətullah Müntəzirinin yanında durarkən çəkilən şəkillərini yayıb.
İran hakimiyyəti Sanenin meyitini Universitetin qabağında dəfn etmək istəyir. Kaleme.com-un məlumatına əsasən, hazırda yüzlərlə "Bəsic"çi Universitetə gətirilib və tələbələrlə onlar arasında toqquşma baş verib.
Fevralın 14-də keçirilən aksiyalarda həlak olmuş digər aksiyaçının adı Məhəmməd Muxtaridir.