Ötən gün İranın Pakistanla sərhədində, Sarvan gömrük buraxılış məntəqəsində ölkəyə narkotik gətirmək istəyən qaçaqmalçılarla sərhədçilər arasında silahlı insident baş verib. Bu barədə İranın sərhəd polisi komandirinin müavini Əhməd Gəravənd məlumat verib. Trend-in məlumatına görə, xəbəri İranın FARS agentliyi yayıb.
Hadisə zamanı qaçaqmalçılar ümumi çəkisi 5 ton 180 kiloqram olan narkotik vasitələri qoyub qaçıblar.
"Əməliyyat zamanı 1 ton 797 kiloqram tiryək, 1003 kiloqram həşiş, 100 kiloqram morfin, 20 kiloqram heroin götürülüb", - Gəravənd deyib.
İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.