...

İlkin versiyaya görə, Azərbaycan təyyarəsi texniki səbəbdən qəzaya uğrayıb

Hadisə Materials 7 İyul 2011 11:55 (UTC +04:00)
Versiyalardan birinə görə, təyyarə texniki səbəbdən qəzaya uğrayıb. Nəticədə o havada yanıb.
İlkin versiyaya görə, Azərbaycan təyyarəsi texniki səbəbdən qəzaya uğrayıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

Versiyalardan birinə görə, təyyarə texniki səbəbdən qəzaya uğrayıb. Nəticədə o, havada yanıb. Bu barədə cümə axşamı Trend-ə Pərvən əyalətinin qubernatoru Bəşər Salanqi deyib.

"Təyyarə dağa çırpılana qədər, havada ikən yanğın başlayıb", - o bildirib.

Qubernatorun sözlərinə görə, təyyarə tamamilə yanıb, axtarış işləri dünən axşama qədər davam edib.

"İşlər qurtarandan sonra hadisə yerində tapılan hər şey Pərvən əyalətinin mərkəzinə gətirilib. Təyyarənin qəzaya uğradığı yer təhlükəli zonadır, belə ki, ora yalnız piyada getmək olar" , - o deyib.

Azərbaycan Mülki Aviasiya Adminsitrasiyasından bildiriblər ki, Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti