...

İranın Urmiya və Təbriz şəhərlərində etiraz aksiyaları keçirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Avqust 2011 01:17 (UTC +04:00)
Bu gün İranın Urmiya şəhərinin xiyabanlarında əhali Urmiya gölünün qurumasına və İran parlamentinin bu gölün vəziyyəti ilə əlaqədar hər hansı bir addım atmamasına etiraz olaraq mitinq keçirib.
İranın Urmiya və Təbriz şəhərlərində etiraz aksiyaları keçirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 00:13-də yayılıb)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Urmiya və Təbrizdə keçirilən etiraz aksiyası zamanı polis qüvvələri etirazçılara gözyaşardıcı vasitələrdən istifadə edib. Bu barədə Trend İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir.

Bu gün İranın Urmiya şəhərinin xiyabanlarında əhali Urmiya gölünün qurumasına və İran parlamentinin bu gölün vəziyyəti ilə əlaqədar hər hansı bir addım atmamasına etiraz olaraq mitinq keçirib.

Mitinq iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata əsasən, bir neçə nəfər həbs edilib.

Həmçinin, yerli vaxtla saat 20:00 radələrində Təbrizdə də etiraz aksiyası başlanıb. Burada da polis və mitinq iştirakçıları arasında toqquşma baş verib. Təhlükəsizlik qüvvələri bir neşə nəfəri həbs etdilər.

Vəziyyət gərgin olaraq qalır.

Bir müddət öncə Təbrizin Qumtəpə məhəlləsində iftar süfrəsində iştirak edən 30 azərbaycanlı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu il aprel ayının 2-də keçirilən azərbaycanlıların Urmiya gölünün qurumasına görə etiraz aksiyasına polis müdaxilə etmişdi. Dinc aksiyaçıların 70-i həbs olunmuş və bir neçə nəfəri yaralanmışdı. Gölün qurumasına etiraz olaraq aksiya keçirən azərbaycanlıların hərəsi simvolik olaraq, gölə bir stəkan su tökmüş və "Biz çox gecikmişik", "Göldə su qalmayıb və hələ oyanmamışıq" kimi şüarlar səsləndirmişdilər.

İranın Azərbaycan əyalətindəki Urmiya gölü dünyanın ikinci ən duzlu gölüdür.

İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru Əli Nəzərdust bundan əvvəl bildirmişdi ki, İranın ən böyük gölü olan Urmiya gölünün 1/3 hissəsi quruyub. Onun sözlərinə görə, regionda su sədlərinin tikilməsi, qeyri-elmi layihələr, yağış qıtlığı və digər amillər Urmiya gölünün qurumasına səbəb olub.

Urmiya gölündə hazırda hər bir litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Bu gölün ərazisi 5 000 kvadratkilometr olub.

Xəbər lenti

Xəbər lenti