...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasının yekun rəyi açıqlanıb

Hadisə Materials 15 Sentyabr 2011 15:24 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasının yekun rəyi açıqlanıb
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasının yekun rəyi açıqlanıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin qalıqlarının məhkəmə-tibbi ekspertizasının yekun rəyi açıqlanıb.

Bu barədə Trend-ə məlumat verən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev bildirib ki, ekspertizanın nəticəsinə görə, təqdim olunmuş qalıqların 4 nəfərə məxsus olduğu təsdiqlənib.

Onlardan 3-ü Azərbaycan, biri isə Özbəkistan vətəndaşıdır.

Qalıqların 1964-cü il təvəllüdlü bort operator Qəhrəmanov Tapdıq Ağaməmməd oğlu, 1962-ci il təvəllüdlü aerotexnik Hüseynov Mehman Cəfər oğlu, 1979-cu il təvəllüdlü 2-ci pilot Marşixin Oleq Dimitriyeviç, 1969-cu il təvəllüdlü bort mühəndisi, Özbəkistan vətəndaşı Şatobin Vladimir Qennadiyeviçə məxsus olduğu ekspertiza ilə təsdiqlənib.

Musayev bildirib ki, digər ekipaj üzvlərinə məxsus hər hansı bir biomaterial aşkar edilməyib.

Ekspertizanın rəyi "Silk Way" aviaşirkətinə təqdim olunacaq.

Onun sözlərinə görə, cəsədlərin qalıqları hələlik ailələrinə verilməyib.

"Ailələri müraciət etdikdə qalıqlar onlara təqdim olunacaq", - Musayev deyib.

Meyitlərin qalıqlarının şəxsiyyətinin və ölümün baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Birliyin ekspertləri tərəfindən 6 növ - molekulyar genetik, məhkəmə bioloji, tibbi-kriminalistik, məhkəmə kimyəvi, məhkəmə histoloji, məhkəmə-tibbi ekspertizalar keçirilib.

İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.

Qəza zamanı ölən 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar.

Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarə Əfqanıstan ərazisində qəzaya uğrayıb. Yerli vaxtla saat 21:26-da havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti