...

İtaliya sahillərində səyahət gəmisi batır

Hadisə Materials 14 Yanvar 2012 13:53 (UTC +04:00)
Bu gecə "Costa Concordia" səyahət gəmisi İtaliya sahillərində qəzaya uğrayıb.
İtaliya sahillərində səyahət gəmisi batır

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Bu gecə "Costa Concordia" səyahət gəmisi İtaliya sahillərində qəzaya uğrayıb. Rəsmi məlumata görə, altı nəfər həlak olub, 13-ü xəsarət alıb. Trend-in məlumata görə, bu barədə RİA Novosti xəbər verir. Daha ona yaxın adam hələlik itkin düşmüş hesab edilir.

"Costa Cruises" şirkətinə məxsus gəmi Aralıq dənizinə növbəti səyahətə yenicə yola düşmüşdü. ANSA agentliyinin verdiyi məlumata görə, gəminin göyərtəsində 3,2 min sərnişin və minə yaxın ekipaj üzvü olub. "Costa Cruises"in saytında gəmi "həzzin üzən məbədi" kimi təsvir edilir: gəmidə 1,5 min sərnişin kayutu, beş restoran, 13 bar, dörd hovuz, kinoteatr, spa salonları və s. var idi.

Gəmi Roma ilə Genuya arasındakı yolun demək olar ki yarısında, Cilio adası yaxınlığında saya oturub. Şahidlərin sözlərinə görə, sərnişinlər nahar edərkən qəflətən işıqlar sönüb. Kapitan qısa qapanmanın baş verdiyini elan edib, lakin sonra gəmi əyilməyə başlayıb. Bu zaman sərnişinlərə xilasetmə jiletlərini geymək və qayıqlarda yerlərini tutmaq əmr olunub.

"Hər şey "Titanik" filmindəki kimi oldu", - gəmidə olan "Reuters" agentliyinin müxbiri Mara Parmecani bildirib.

Həlak olan sərnişinlərin ölümünün səbəbləri hələlik dəqiq müəyyən edilməyib. Çox güman ki, onlar təxliyyə zamanı yaranmış təşvişdə göyərtədən dənizə düşüblər. Çünki gəmi sağ göyərtə üzərinə güclü şəkildə əyilib. İtaliyanın Sahil Mühafizə Xidməti sərnişinlərin çıxarılması üçün helikopterlərdən istifadə etməli olub. İndiki vaxta qədər təxliyyə əsasən başa çatıb. Gəminin çox hissəsi artıq suyun altındadır.

"The Associated Press" agentliyinin Sahil Xidmətinin zabitinə istinadən verdiyi xəbərə görə, qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, "Costa Concordia" hansısa maneənin, çox güman ki, sualtı qayaların üzərinə çıxıb. Nəticədə gəminin sağ böyrü yarılıb, bu zaman təxminən 50 metr uzunluğunda kəsik əmələ gəlib və oradan gəmiyə su dolmağa başlayıb.

Təxliyyə olunan sərnişinlər və komanda üzvləri Cilio adasında yerləşdiriliblər. KİV-in məlumatına görə, gəminin göyərtəsində əsasən İtaliya vətəndaşları, eləcə də yüzlərlə fransız və alman olub. "The Daily Mail" sərnişinlər arasında britaniyalıların da olduğunu təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti