...

Partlayan Türkiyə tankerində həlak olan azərbaycanlı kapitanın meyiti tanınıb

Hadisə Materials 16 Yanvar 2012 17:45 (UTC +04:00)
Albaniya sularında tankerin partlaması zamanı həlak olmuş azərbaycanlı kapitan Xəyyam Məmmədovun (1958-ci il) meyiti tanınıb.
Partlayan Türkiyə tankerində həlak olan azərbaycanlı kapitanın meyiti tanınıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Tağıyeva/

Albaniya sularında tankerin partlaması zamanı həlak olmuş azərbaycanlı kapitan Xəyyam Məmmədovun (1958-ci il) meyiti tanınıb. Bu barədə Trend-ə gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətindən məlumat verilib.

Şirkətdən onu da bildiriblər ki, Albaniya hakimiyyətindən müvafiq icazənin alınmasından sonra Məmmədovun cəsədi Azərbaycan tərəfinə veriləcək.

İki Gürcüstan vətəndaşının - Melkaz Lazişvilinin (bosman) və Beki Uruşadzenin (matros) cəsədləri də tanınıb.

Bir az əvvəl "Saygi Denizcilik"dən Trend-ə deyildiyi kimi, kompensasiya məsələsi gəmini sığorta edən şirkətlə birgə müzakirə olunacaq.

Sığortaçının adı açıqlanmır.

İlkin məlumatlara görə, partlayışa səbəb yanacağın yüklənməsindən sonra gəminin tanklarında zərərsizləşdirmənin aparılmaması olub.

"Hazırda qəzanın səbəbləri araşdırılır. Araşdırmanın nəticəsindən sonra Azərbaycan tərəfinə bütün təfərrüatlar təqdim ediləcək", - Azərbaycan Dövlət Dəniz Administrasiyasından bildiriblər.

Ekipajın digər azərbaycanlı üzvləri Arif İmranov, Səfa İbrahimov və Ramil Məlikovdur.

"Hazırda ekipajın xilas edilmiş 12 üzvü tibb məntəqələrindədir", - administrasiyadan məlumat veriblər.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti