Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir S.Ağayeva /
Adriatik dənizində qəzaya uğrayan Türkiyəyə məxsus "Ədirnə" gəmisindəki azərbaycanlı dənizçilərin və həlak olmuş kapitanın meyitinin qaytarılmasını gəminin sahibi "Saygi Denizcilik ve Elektrik" şirkəti həyata keçirəcək. Bu barədə çərşənbə günü Trend-də Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib və əlavə edib ki, bu, Beynəlxalq Əmək Təşkilatının kovensiyasında nəzərdə tutulub.
Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.
Partlayış nəticəsində ekipajın üç üvü, o cümlədən tankerin kapitanı - Azərbaycan vətəndaşı Xəyyam Məmmədov (1958-ci il təvəllüdlü) həlak olub.
Batmış gəminin ekipajının 15 üzvündən dördü Azərbaycan vətəndaşı, altısı Gürcüstan vətəndaşı, üçü Türkiyə və ikisi Ukrayna vətəndaşı olub.
Üç azərbaycanlı dənizçi - Arif Əmrahov (1991-ci il təvəllüdlü), Səfa İbrahimov (1962-ci il) və Ramil Məlikov (1977-ci il) hazırda hotellərin birindədirlər və onların vəziyyəti normaldır. Bu barədə Abdullayev Azərbaycanın Albaniyadakı səfirliyinə istinadən bildirib.
Onun sözlərinə görə, səfirlik məsələni nəzarətdə saxlayır və ehtiyac yaranarsa, dənizçilərin vətənə qayıtmaları üçün sənədlərin hazırlanması prosesinə qoşulacaq.
"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.