...

Azərbaycanın bütün iri magistral yollarında nəqliyyatın hərəkəti məhdudlaşıb

Hadisə Materials 2 Fevral 2012 10:16 (UTC +04:00)
Azərbaycanda hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşıb.
Azərbaycanın bütün iri magistral yollarında nəqliyyatın hərəkəti məhdudlaşıb

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə axşamı Trend-ə bildirib ki, Bakı-Şamaxı yolunda Cəngi qəsəbəsindən başlayaraq yol buz və qarla örtülüb, nəqliyyatın hərəkəti məhdudlaşıb.

Bakı-Quba və digər istiqamətlərə gedən yollar da buz bağlayıb, həmin yollarda yalnız hər iki oxu aparıcı olan avtomobillərin hərəkəti mümkündür.

Ağsu aşırımında yalnız iri yük avtomobillərinin hərəkəti mümkündür.

Şöbə rəisi bildirib ki, qar yağdığından, həmin yollara qum səpmək mümkün deyil.

Əliyev deyib ki, Bakı-Astara yolunda vəziyyət nisbətən yaxşıdır. Həmin ərazidə sulu qar yağdığından, yollar buz bağlamayıb.

Onun sözlərinə görə, dünən respublikada 9 yol qəzası qeydə alınıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Baş İdarə şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə bu günlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti