Azərbaycan, Bakı, 11 fevral /Trend/
Suriyanın Hələb şəhərində baş vermiş partlayışlar nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Suriyadakı səfirliyindən məlumat veriblər.
Cümə günü Hələbdə minalanmış avtomobilin partlaması və kamikadzenin özünü partlatması nəticəsində 25 nəfər ölüb, 175 nəfər yaralanıb. Terror aktları hərbi kəşfiyyatın mənzil-qərargahına və təhlükəsizlik qüvvələrinin bölmələrinə qarşı yönədilmişdi. Bu, Hələbdə ilk terror aktlarıdır. Dəməşqdə olduğu kimi, Hələbdə də hələ hökumət əleyhinə nümayişlər baş verməyib.
Hazırda səfirliyin konsulluq qeydiyyatında təxminən 50 Azərbaycan vətəndaşı var. Bunlar səfirliyin əməkdaşları, onların ailə üzvləri, müqavilə üzrə bu ölkədə müvəqqəti işləyən vətəndaşlar və tələbələrdir.
Səfirlik gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində adi rejimdə işləyir.
Suriyada 10 aydır ki, hökumət əleyhinə aksiyalar səngimir. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2,5 mindən artıq insanın, o cümlədən 1,1 mindən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.