Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/
ANS televiziyası vurulan ziyana görə vətəndaşdan polisə şikayət edib.
Bakının Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi Nəsib Məmmədov Trend-ə bildirib ki, insident dünən gecə saatlarında Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı çəkiliş zamanı qeydə alınıb.
Belə ki, ötən gecə Heydər Əliyev prospektində "Ford" markalı yük maşını ilə "Mercedes" markalı avtomobillər toqquşub.
Çəkiliş zamanı "Mercedes"dəki sərnişin ANS-in operatorunun çəkiliş aparmasına etiraz edib və video-kameranı itələyib. Bu zaman videokameraya ziyan dəyib.
ANS insidentlə bağlı 23-cü polis bölməsinə müraciət edib.
Bölmə rəisi bildirib ki, ANS-in ərizəsi əsasında bölmədə araşdırma başlayıb.