...

ABŞ-da "Sendi" qasırğası qurbanlarının sayı 88 nəfərə çatıb

Hadisə Materials 2 Noyabr 2012 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

ABŞ-da "Sendi" qasırğası 88 nəfərin həyatına son qoyub. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatlar hökumətinin nümayəndələri bildiriblər.

Ümumilikdə təbii fəlakət nəticəsində 157 nəfər həlak olub: 67-si Karib adalarında, 2 nəfər Kanadada.

Hazırda ABŞ-da qasırğa nəticəsində ölənlərin əksəriyyəti Nyu-York ştatının sakinləridir - 37 nəfər.

İndiyədək ölkədə 4,9 milyon sakin işıqsız qalıb. Onlardan 500 mini Nyu-York sakinləridir.

Qasırğa ilə əlaqədar ABŞ-da 30 gün ərzində fövqəladə vəziyyət elan edilib.

ABŞ Milli Qasırğa Xəbərdarlığı Mərkəzinin məlumatına görə, qasırğa sahili gözlənildiyindən zəif vurub.

Eyni zamanda məlumatlara əsasən, Nyu-Yorkun Manhetten və Kvins rayonlarında metropoliten tunelləri su ilə dolub. Lakin artıq suyun səviyyəsi enir. Bir sıra sosial şəbəkələrdə qasırğanın Nyu-Yorka özü ilə köpək balıqları gətirdiyi yazılıb və müvafiq şəkillər əlavə olunub.

Nyu-Yorkun Manhetten səmtində, "Consolidated Edison" şirkətinin elektrik yarımstansiyalarından birində partlayış baş verib.

Ekspertlərin dediklərinə görə, ABŞ-da 11 ştat və Kolumbiya federal dairəsində "Sendi"dən təqribən 50 milyon insan zərər çəkə bilər.

"Sendi" qasırğası nəticəsində sular altında qalmış Nyu-Yorkun Kvins bölgəsində güclü yanğın başlayıb. Yanğın nəticəsində ən azı 50 ev külə dönüb.

ABŞ-ın şərq sahillərini vurmuş "Sendi" qasırğasının ölkə iqtisadiyyatında 20 milyard dollara yaxın itkiyə səbəb olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti