...

Azərbaycanda magistral qaz kəmərində yanğın sönüb (ƏLAVƏ OLUNUB-2) (VİDEO)

Hadisə Materials 11 Yanvar 2013 08:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycanda magistral qaz kəmərində partlayış baş verib.

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində partlayış baş verib.

Hadisə cümə günü səhər 07:20 radələrində diametri 1000 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, köhnə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra güclü yanğın başlayıb.

Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında problemlər yaradıb. Bunun üçün də alovun qarşısının alınmasında çətinlik yaranıb.

Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib. Hazırda yanğın davam edir.

Borudakı qazın yanaraq sönməsi və sonra kəmərdə təmir-bərpa işlərinə başlanılması gözlənilir.

Məlumata görə, magistral qaz xəttinə qazın verilişi dayandırılıb. Yanğın baş verən ərazi dağlıq sahə olduğundan, yanğınsöndürən maşınlar hadisə yerinə gedə bilmirlər. Artıq qazın təzyiqi aşağı düşdüyündən alovun hündürlüyü 100-150 metrdən 30-40 metrə qədər azalıb.

Son məlumata görə, qaz boru kəmərinə baş verən yanğın sönüb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti