Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/
Şəmkir rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 387-ci kilometrliyində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Əliyaqublu kənd sakini 41 yaşlı Fazil Məmmədovun idarə etdiyi "VAZ 21011" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Sabirkənd kənd sakini 21 yaşlı Elxan Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ 21011"-in sürücüsü Fazil Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobilin sürücüsü Elxan Quliyev isə yüngül bədən xəsarətləri alıb. İlkin ehtimala görə, qəza "VAZ 21011" markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı ucbatından baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Azər Hüseynov bildirib ki, "VAZ 21011" markalı avtomobil Bakı istiqamətinə hərəkətdə olarkən qarşısındakı avtomobili ötüb keçmək istəyib. Ancaq ötmə əməliyyatını yerinə yetirərkən düzgün mövqe seçməyərək qarşıdan gələn "Mercedes"in yoluna çıxıb. Nəticədə qəza baş verib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.