...

İranın Əhvaz şəhərində yağış 1500-dən çox insanın xəstəxanaya düşməsinə səbəb oldu

Hadisə Materials 19 Noyabr 2013 18:02 (UTC +04:00)
Ötən gecə yağış səbəbindən İranın Əhvaz şəhərində 1500-dən çox şəxs tənəffüs orqanlarındakı problemlə əlaqədar xəstəxanalara müraciət edib.
İranın Əhvaz şəhərində yağış 1500-dən çox insanın xəstəxanaya düşməsinə səbəb oldu

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov/

Ötən gecə yağış səbəbindən İranın Əhvaz şəhərində 1500-dən çox şəxs tənəffüs orqanlarındakı problemlə əlaqədar xəstəxanalara müraciət edib. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Əhvaz şəhəri üzrə Səhiyyə İdarəsinin rəis müavini Sasan Mogəhi deyib.

S.Mogəhinin sözlərinə görə, yağıntılar davam edərsə xəstəxanalara müraciət edənlərin sayı arta bilər.

İranın Səhiyyə Nazirliyi Əhvaz şəhərində yağışdan sonra tənəffüs orqanlarında problemlə üzləşən şəxslərin sayının 2 minə çatdığını açıqlayıb.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, Əhvaz şəhərinin havasında elə bir maddə var ki, insanların tənəffüs orqanlarında problemlər yaradır və nəfəs almağı çətinləşdirir. Rəis müavini həmin maddənin adını açıqlamayıb və deyib ki, bu maddə insanların nəfəs borusuna daxil olur və nəfəs almanı çətinləşdirir.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, Əhvaz şəhəri dünyanın ən çirkli 10 şəhəri sırasında yer alıb. Əhvaz şəhərindən başqa, İranın Sənəndəc, Kirmanşah, Yasuc şəhərləri də dünyanın 10 ən çirkli şəhəri arasındadır.

Son bir neçə həftə ərzində İranın Əhvaz şəhərində havanın çirkli olması və mövsümi yağıntılar səbəbindən 6 mindən çox şəxs xəstəxanalara müraciət edib. Onları əsasən baş ağrısı, ürəkbulanma və tənəffüs orqanlarında problemlər narahat edib.
Xuzistan əyalətinin ekologiya üzrə təşkilatının məlumatına görə, yağış sularının analizi göstərir ki, həmin sularda nitratın miqdarı həddən artıq çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti