...

FHN: Bakıda yarımtikilidə partlayış olub, 4 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 4) (FOTO)

Hadisə Materials 13 Fevral 2014 15:56 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakıda metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yarımtikilinin zirzəmisində partlayış olub.
FHN: Bakıda yarımtikilidə partlayış olub, 4 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 4) (FOTO)

FHN-nin rəsmi məlumatı əlavə edilib (İlk xəbər 10:40-da yayılıb)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün səhər saatlarında Bakıda metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yarımtikilinin zirzəmisində partlayış olub. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

İlkin məlumata görə, partlayış nəticəsində yaralılar var.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədirlər.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin əməkdaşları da hadisə yerindədirlər və partlayışın ilkin səbəblərinin araşdırılmasında iştirak edirlər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata əsasən, ilkin məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi qadın, biri isə kişidir. Qadınlardan biri kəllə-beyin travması alıb.

İlkin məlumata görə, xəsarət alanlar partlayış zamanı yarımtikilinin yanından keçirmişlər.

Ölənlər barədə hələlik dəqiq məlumat yoxdur, FHN hadisə yerində axtarışları davam etdirir.

Trend-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur. Hazırda hadisə yerində yanğın davam edir.

Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə, ətrafdakı binalara da ziyan dəyib, pəncərələr sınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti