Azərbaycan, Bakı, 19 mart /Trend/
Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrində iki "Mercedes" və bir "Daewoo" avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiya uğramış "Mercedes" markalı avtomobildə sürücü 1984-cü il təvəllüdlü Orucəliyev Asif Cümşüd oğlu sıxışmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Avtomobildə olan 5 nəfər sərnişindən ikisi - 1981-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu və 1952-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə olan 2 sərnişin və digər "Mercedes" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən köməklik göstərilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil veriliblər.