Azərbaycan, Bakı, 27 iyun /Trend/
Qaxda həyətyanı sahədə narkotik bitki becərilməsi faktı aşkarlanıb. Bu barədə Trend Kanal S-ə istinadən məlumat verir.
Qax rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi və narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində Marsan kənd sakini Vaqif Əliyevin evinin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Nəticədə həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilmiş 2 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Sorğu zamanı V.Əliyev narkotik tərkibli bitkiləri özünün istifadəsi üçün əkdiyini bildirib.
Qeyd edək ki, həmin şəxs əvvəllər də ayrı-ayrı cinayət əməllərinə görə 8 illik məhkumluq həyatı yaşayıb.
Fakla bağlı Qax RPŞ-də araşdırma aparılır.