Azərbaycan, Bakı, 27 iyun /Trend/
Daşkəsəndə xeyli miqdarda narkotik bitki qara bazara çıxanadək məhv edilib.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2014" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir. Bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir. Növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndində keçirilib.
Polis əməkdaşları ümumi çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1 və 2 metr arasında dəyişib.
Qeyd edək ki, ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolları aşkarlanıb.
Daşkəsən rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Mehman Həşimovun sözlərinə görə, keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Astaf kəndində yerləşən Yolqullar adlanan ərazidə yabanı halda bitən çətənə kolları aşkarlanıb: "Həmin narkotik tərkibli bitki kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayonun digər ərazilərində də bu istiqamətdə tədbirlərimiz davam etdirilir".