Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlkin İzzət/
Qobustan rayonunda "Shacman" markalı yük avtomobili ilə toqquşan "Honda" markalı minik avtomobilinin sürücüsü ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində (rayon mərkəzindən 16 km aralı) "Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobili toqquşub.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.