Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi "Daewoo" markalı 194 saylı xətt avtobusu toqquşub.
Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi "Daewoo" markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.