...

Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb, bəzi evlərə ziyan dəyib (ƏLAVƏ OLUNUB 6) (FOTO)

Hadisə Materials 4 Sentyabr 2015 11:10 (UTC +04:00)
Yevlaxda və Gəncədə zəlzələ olub.
Episentri Şəkidə olan 7 bal gücündə zəlzələ qeydə alınıb, bəzi evlərə ziyan dəyib (ƏLAVƏ OLUNUB 6) (FOTO)

İlk xəbər 10:00-da yayılıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Elmir Murad/

Ucar, Mingəçevir, Yevlax və Gəncədə zəlzələ olub. Bu barədə Trend-ə Yevlax və Gəncə sakinləri məlumat veriblər. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda hiss olunub.

Yaxın dəqiqələrdə bununla bağlı rəsmi məlumat yayılacaq.

XXX

Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib, maqniturası 5,9 olub.

XXX

Azərbaycan sesymik zonada yerləşir, ona görə bu cür zəlzələlərin baş verməsi təbii haldır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib: "Buna güclü zəlzələ demək olar. Zəlzələnin episentri olan Şəki ərazisində zəlzələ 7 bala yaxın olub. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər bölgələrdə isə 5-6 bala yaxın hiss olunub. Dağıntılar barədə hələlik məlumat yoxdur".

XXX

Zəlzələ Şəkidə bəzi evlərdə çatlar əmələ gətirib. Şəki sakinlərinin Trend-ə verdiyi məlumtata görə, bəzi evlərin divarlarında zəlzələdən sonra çatlar yaranıb.

Föqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə Trend-ə açıqlamasında bildirib ki, ilkin məlumatlara əsasən dağıntılar yoxdur: "Bölgədən məlumatlar gəlir. İlkin məlumatlarda dağıntıların olmadığı bildirilir. Amma Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi hazırda araşdırma aparır. Məlumatlar tam dəqiqləşdiriləndən sonra əlavə informasiya veriləcək".

XXX

Facebook-da Ağdamdan şəkillər yerləşdirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.

XXX

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: "Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir".

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti