Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Şamaxı rayon sakini Asdan Kərimov, Sabirabad rayon sakini Şahin Muradov və Ağsu rayon sakini Tacir Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Kərimov 4 il, Ş.Muradov 8 il 6 ay, T.Rəhimov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan T.Rəhimov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2015-ci il sentyabrın 14-də saat 01 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Kərimov, Ş.Muradov, T.Rəhimov müəyyən olunaraq tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.