...

Hakimin oğlunu öldürən sürücünün məhkəməsində şahid ifadələri dinlənilib

Hadisə Materials 6 Dekabr 2016 12:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Hakimin oğlunu öldürən sürücünün məhkəməsində şahid ifadələri dinlənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə törətdiyi qəzada öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, təqsirləndirilən şəxsin dostu Musa Mahmudov hadisə baş verən gün R.Kərimovun sürdüyü maşında olduğunu deyib: "Avtomobili Rəhimin özü idarə edirdi. Maşınla gedərkən o, qəfil qarşımıza çıxdı. Hadisədən sonra rəhmətə gedən şəxsi maşının altından çıxardıq. Onu xəstəxanaya aparmağımızı istədi, lakin bizi qoymadılar. Dedilər ki, təcili tibbi yardım maşını gəlməlidir. Həmin zaman Rəhim də qışqırırdı. Onun qolu ağrıyırdı. Sonra təcili tibbi yardım maşını çağırmaq üçün zəng etdilər. Hadisə yerinə polis əməkdaşı gəlmişdi".

M.Mahmodov bildirib ki, cinayət törətdiyi üçün 2010-cu ildən Rusiya Federasiyasında onun barəsində axtarış elan olunub. Qəzadan öncə isə narkotik vasitədən istifadə etməyiblər. Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

İttihama görə, bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə nəticəsində dünyasını dəyişən 19 yaşlı R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. O, ADA Universitetində 3-cü kurs tələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti