Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilərək həbs edilən Mirdamət Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əkbərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, 2016-cı ilin avqustunda Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda Bərdə şəhər sakini Mirdamət Əkbərov saxlanılıb. Onun üzərində 609,3 qram həşiş aşkar edilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.