...

Zərərçəkmiş: MTN əməkdaşları qardaşımın bankdan götürdüyü pulun 670 min manatını alıb

Hadisə Materials 12 May 2017 15:20 (UTC +04:00)
Bu gün Bakı Hərbi Məhkməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qirxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Zərərçəkmiş: MTN əməkdaşları qardaşımın bankdan götürdüyü pulun 670 min manatını alıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Hərbi Məhkməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qirxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmişin qardaşı Əziz Əzizov bildirib 2012-ci ilin aprel ayının əvvəllərində qardaşının həyat yoldaşı Təranə ona zəng edib bildirib ki, Vidadini tutublar: " Goranoydan Bakıya bacımgilə gəldim. Təranə maskalı şəxslərin Vidadini tutduğunu, qoluna qandal vuraraq apardıqlarının dedi. Təranə Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxladığı üçün 16-cı polis bölməsindən zəng gəldi və bizi bölməyə çağırdılar. Orada bizdən izahat aldılar, araşdırma aparandan sonra bildirdilər ki, Vidadi Əzizovun saxlanılması barədə Daxili İşlər Nazirliyində heç bir məlumat yoxdur. Axşam Vidadi gəlib bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, onun bankdan götürdüyü pulun 670 min manatını götürüb 300 min manatını geri qaytarıblar".

Ə. Əzizovun sözlərinə görə, qardaşı sərbəst buraxılandan sonra rayona qayıdıb: "Bir neçə gündən sonra Vidadi ilə telefonla danışan zaman bildirdi ki, ondan əlçəkmirlər, yenə də 100 min manat verməsini tələb edirlər. Qardaşımın dediyinə görə, 40 min düzəldərək MTN əməkdaşlarına verib".

Ə. Əzizov bildirib ki, qardaşınını bizneslə məşğul olduğunu bilsə də, onun külli miqdarda pul vəsaitlərini əldə etməsini bilməyib: "Həmin gün bilmişəm ki, xaricdən qardaşıma 1 milyon manat pul gəlib. Qardaşımın Goranboy rayonun Qarabucaq kəndində ferması var idi. Bu hadisələr baş verındın sonra qardaşıma pul lazım oldu və heyvanları satmaq qərarına gəldim. Şuşadan olan və Ağcabədi rayonunda yaşayan Çingiz adlı mal-qara alveri ilə məşğul olan şəxs fermada olan qoyunları 31 min 500 manata satdım. Fermada olan digər heyvanları da sataraq pulları Vidadiyə verdim. Həmin vaxt Vidadi borca düşmüşdü, ona pul lazım idi".

Əziz Əzizov qeyd edib ki, qardaşının MTN əməkdaşları tərəfindən saxlanılmasından, sonradan onun sərbəst buraxılmasının şahidi olmayıb.

Daha sonra şahid qismində ifadə verən Vidadi Əzizovun bacısı Solmaz İbrahimzadə bildirib ki, hadisədən əvvəl qardaşı onlarda qalıb: “Qardaşımın öz evində təmir işləri gedirdi. Bu səbəbdən qardaşım bizdə, həyat yoldaşı isə rayonda qalırdı. Hadisə baş verən gün qardaşımın həyat yoldaşı Bakıya gəlmişdi. Həmin günü qardaşım və həyat yoldaşı evdən çıxdılar. Onlar gedəndən bir qədər sonra Təranə geri qayıtdı və Vidadinin tutulduğunu bildirdi. Biz də bununla bağlı hər yerə məlumat verdik. Günün sonunda qardaşımın sürücüsü gəldi, əlində də klok var idi. O, klokda pul olduğunu, pulu saxlamağımı bildirdi. Rasimin üstü torpaq idi, köynəyi də qana bulaşmışdı. Rasim pulun evində saxlanılmasının təhlükəli olduğunu, başqa yerdə saxlamağımı məsləhət bildi. Buna görə də pulu cemodana qoydum və üstünə də paltar yığdım. Həmin çemodanı qonşumuz Elmiragilə qoydum, onun içində pul olduğunu ev sahibinə demədim. Axşam saatlarında Vidadi gəldi və pulu soruşdu. Mən də qonşudan pulu gətirdim. Vidadiyə verdim. Vidadi pulu saydı, 300 min dollar olduğu məlum oldu”.

Şahid qismində ifadə verən Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova bildirib ki, 2012-cci ilin aprel ayının 7-də Goranboy rayonundan Bakıya gəlib Vidadi Əzizov ilə birlikdə mebel almağa gedib: “Mebel mağazasında başa düşdüm ki, bizi iki-üç nəfər gənc oğlan izləyir. Bu barədə Vidadiyə heç bir söz demədim. Daha sonra mebel mağazasından çıxaraq “Zaminbank”ın “Nərimanov” filialına getdik. Sürücü ilə mən maşında qaldıq, Vidadi isə banka girdi. Bir qədər sonra Vidadi bankdan çıxdı, əlində qara rəngli klok var idi. O, kloku maşının baqajına qoydu. Bütün bunları maşının güzgüsündən görürdüm. Bu zaman üzü maskalı, silahlı şəxslər hücuma keçdi. Mən də səs-küy saldım ki, Vidadini tuturlar. Ora gələn maskalılar mənim gözümdə 200 nəfər görünürdü. Həmin şəxslər Vidadinin qolunu bağladılar. Dedim ki, belə etməyin, o, infarkt keçirib, həmin ərəfədə əvvəl Vidadi İranda olarkən infarkt keçirmişdi. Həmin şəxslərdən biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Onlardan biri dedi ki, MTN əməkdaşlarıdır. Sonra onlar Vidadini apardılar”.

Təranə Əhmədovanın sözlərinə görə, bununla bağlı 102-yə zəng vurub və sonra vəkil Cavanşir Süleymanovla birlikdə polis bölməsinə gediblər: “Orada Vidadinin harada olduğunu bilmədiklərini dedilər. Cavanşir müəllim bir neçə yer ilə əlaqə saxlasa da, bir nəticə olmadı. Bundan sonra evə gəldik. Bir qədər sonra Vidadi gəldi və bildirdi ki, MTN əməkdaşları tərəfindən saxlanılmışdı. Onun pulunu alıblar. Budan üç gün sonra Vidadiyə tez-tez zəng gəlməyə başladı. Ondan zəng edənin kim olduğunu soruşdum. Dedi ki, MTN-dən Mirəzizdir, 40-50 min manat pul istəyir. Sonradan yoldaşım pulu ona verib”.

T. Əhmədova qeyd edib ki, Vidadi Əzizov bizneslə məşğul oplub, bu səbəbdən Dubay, Ukrayna, İran və Türkiyəyə tez-tez gedib. Təranə Əhmədova qeyd edib ki, xaricdən gələn puldan son ana qədər xəbəri olmayıb.

Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib: “Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur. Əslində hadisə baş verən günü bunların mebel almaq üçün mebel mağazasına getməyiblər. Onlar izlənmələrini müəyyən etmək üçün ora gediblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”. Bu vaxt zərərçəkmişlə təqsirləndirilən şəxsin arasında mübahisə yaranıb. Mübahisəni sakitləşdirən hakim məhkəmə iclasının davamını mayın 17-nə təyin edib.

Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsində 2015-ci ilin noyabr ayında həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti