...

Cahangir Hacıyevin şikayəti rədd edildi

Hadisə Materials 1 İyun 2017 16:33
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Cahangir Hacıyevin şikayəti rədd edildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmənin qərarı ilə C.Hacıyev və digərlərinin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmə həmçinin 1 milyon 200 min manat məbləğində mülki iddianın C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehtiyev və Aqil Layıcov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Ə.Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti vermişdilər. Ali Məhkəmə şikayəti təmin etməmiş və iş yenidən davam etdirilmək üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.

İttihama görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.

C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 ay şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti