...

Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutuldu (FOTO)

Hadisə Materials 23 Oktyabr 2018 12:14 (UTC +04:00)

Bakı. Trend:

Bakıda bağlardan birindən 350 kq-dan artıq narkotik tərkibli kənaf bitkisi aşkar edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə təhvil veriliblər. Davam etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslərin dördü də saxlanılıb.

Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 1973 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, narkotik bitkilərin əkildiyi bağ sahəsi S.Qarayeva məxsusdur. O, həmin bitkiləri əkmək üçün torpaq sahəsini N.Süleymanova icarəyə verib. Dəstənin digər üzvü olan T.Nəcəfov isə N.Süleymanovla birlikdə həmin bağ sahəsində narkotik tərkibli bitkilərə xüsusi qaydada qulluq edərək onları yetişdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti