...

Şəmkirdə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Hadisə Materials 18 Dekabr 2019 12:16 (UTC +04:00)
Şəmkirdə naməlum sürücü idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyadanı vurub.
Şəmkirdə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Şəmkir rayon Polis Şöbəsi və prokurorluğundan Trend-ə daxil olan birgə məlumata görə, dekabrın 14-də, saat 07 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada 1964-cü il təvəllüdlü Şıxməmmədov Telman Firuddin oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1994-cü il təvəllüdlü Mustafayev İsmət Şükür oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İsmət Mustafayev dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti