...

Ucarda 2 ədəd əl qumbarası aşkarlanıb (FOTO)

Hadisə Materials 16 Aprel 2020 02:01 (UTC +04:00)
Ucarda 2 ədəd əl qumbarası aşkarlanıb (FOTO)

Bakı. Trend:

Aprelin 15-i saat 17:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonu, Bərgüşad kəndi ərazisində qumbara və avtomat patronlarının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ucar rayon Polis Şöbəsinin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 782 ədəd 5.45 mm-lik və 15 ədəd 7.62 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının və patronların ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 aprel 2020-ci il tarixlərində 92 siqnal (əməliyyat çağırışı) əsasında 83 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 304 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 6 471 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 41 975 kv.m ərazi yerüstü və 5 016 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti