...

Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)

Hadisə Materials 8 Avqust 2020 23:31 (UTC +04:00)
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Avqustun 8-i saat 11:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yerləşən “Avey Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 120 mm-lik minaatan mərmisi (S-843) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmilərinin ətrafında 60 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 08 avqust 2020-ci il tarixlərində 242 siqnal (əməliyyat çağırışı) əsasında 218 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 25 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 482 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 16 504 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 80 935 kv.m ərazi yerüstü və 12 753 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti