Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətin diqqətinə çatdırır ki, vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşmışdır – monitorinq nəticəsində 70-dən çox (!) zərəryetirmə faktı aşkarlanmışdır. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilmişdir. Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilmiş və barələrində qanuni tədbirlər görülmüşdür.
Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.
Bir daha qeyd edirik ki, İçərişəhər və Qala qoruqları Azərbaycan Respublikasının tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu gün böyük məmnuniyyətlə elan edir: “İçərişəhərin dəbdəbəli memarlıq incisi olan Qala divarları vandalların izlərindən tamamilə təmizlənib”.