Bakı. Trend:
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də metronun “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəqani İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində
Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda
şübhəli bilinən Astara rayon sakini Sirac Məmmədov Qaradağ Rayon
Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis
Bölməsinə təhvil verilib.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi
ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon
və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı
avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini
A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinənlər - Bakı
şəhər sakinləri Yalçın Şirəliyev, Famin Hacıyev və Bərdə rayon
sakini Hümmət Əliyev saxlanılıblar.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Məmmədov saxlanılıb.
Araşdırmalar aparılır.