Bakı. Trend:
Hazırda imtahanlara texniki vasitələrin keçirilməsi ilə bağlı iki proses gedir və bu proseslərdə ən pis hal odur ki, onların arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan müəllimlər də var.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində keçirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, onlar həmişə ictimaiyyətdə DİM-lə real abituriyent arasında çəpər yaradıblar:
“Onlar həmişə yalan informasiyalarla ara qatıblar. İndi məlum oldu ki, bunun əsasında tamamilə başqa məqsədlər durub. Belə riyakar insanlar təhsil sistemindən uzaqlaşmalıdırlar. Diqqətlə bu prosesi izləyirik. Orada müəyyən faktları biz də mediadan eşidib öyrənirik. Belə insanlara bu proses yaxşı dərs olacaq. Valideynlər isə başa düşəcəklər ki, başqa yollarla uşağın nəticəsini dəyişdirə bilməyəcəklər.”
