Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Salmanov/
2006-ci ildə səhhətində yaranan problemlərə görə Kubada hakimiyyətdən gedən Fidel Kastro maraqlı rekorda imza atıb. Belə ki, 1959-2006-cı illər ərzində Kubaya rəhbərlik edən Fidel Kastro 638 dəfə sui-qəsdə məruz qalıb. Bu barədə cümə günü Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Kuba inqilabının tarixi lideri bu göstərici ilə Ginnesin Rekordlar Kitabına düşüb. Kastro Ginnesin Rekordlar Kitabı və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) arxiv məlumatlarına əsasən, bu ada layiq görülüb.
Məlumata görə, Kastroya qarşı törədilən sui-qəsdlərin hamısı demək olar ki, MKİ tərəfindən hazırlanıb.
Kastroya qarşı sui-qəsdlər müxtəlif formalarda həyata keçirilib. Bunlar arasında snayperlər, beysbol topuna və ayaqqabısına yerləşdirilən partlayıcılar, siqarına inyeksiya edilən zəhər kimi vasitələr olub.