Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir X.Murtuzayeva/
ABŞ yazıçısı Ernest Heminquey 1958-ci ildə "The Paris Review" jurnalına müsahibəsində özünün məşhur "Əlvida, silah!" romanının sonluğunu 39 dəfə yazdığını etiraf etmişdi. Yazıçının nəvəsi Şon Heminquey Bostonda Kennedi adına Prezident kitabxanasında əlyazmaları diqqətlə öyrənərək əslində alternativ sonluqların sayının daha çox, yəni 47 olduğunu öyrənib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.
Onlardan bəziləri bir-iki qısa cümlədən, digərləri isə bir neçə abzasdan ibarətdir. Variantların hamısı ABŞ-ın "Scribner" nəşriyyatında gələn həftə çap olunacaq romanın yeni nəşrində toplanacaq.
"The New York Times"ın məlumatına görə, 330 səhifəlik kitaba romanın qaralamaları və Heminqueyin özünün tərtib etdiyi ad variantlarının siyahısı da daxil ediləcək.
"Hesab edirəm ki, ədəbi yaradıcılıqla məşğul olan adamlara bu böyük əsərin yaranması prosesini izləmək maraqlı olacaq", - Nyu-Yorkun Metropoliten muzeyində yunan və Roma incəsənəti üzrə kurator işləyən Şon Heminquey bildirib.
"Həmin sonluqlar yazıçının fikirlərinin gedişini təsvir edir", - öz növbəsində, yazıçının oğlu Patrik bildirir. Əgər müəllif əsərin sonu üçün başqa variant seçsəydi, roman daha kədərli, yaxud əksinə, daha nikbin alınardı. Yeri gəlmişkən, Heminquey müharibə və məhəbbət haqqında epik əhvalatı soyuq və ehtirassız bitirir. Baş qəhrəman hospitalı yağışın altında tərk edir.
İlk dəfə 1929-cu ildə çap olunan "Əlvida, silah!" Birinci Dünya müharibəsi fonunda məhəbbətdən bəhs edir. Roman bir çox halda avtobioqrafikdir. Belə ki, Heminquey Birinci Dünya müharibəsi illərində İtaliya cəbhəsində xidmət edirdi. O, yaralanaraq Milandakı hospitala düşür, orada isə tibb bacısı ilə sevgi macərası yaşayır.