Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Avstraliya alimlərinin apardıqları tədqiqat qadınların malik olduqları daha bir bacarığı üzə çıxarıb. Belə ki, qadınlar təkcə görünüşünə nəzər salmaqla etibarsız kişiləri müəyyən edə bilirlər. Həm də bunun üçün qadınlara onları yaxşı tanımaları da lazım deyil. Sən demə, bütün sirlərin açılması üçün tanımadığı kişinin üzünə təkcə bir dəfə baxmaq qadınlara kifayət edir. Bu barədə Trend "Biology Letters" dərgisinə istinadən məlumat verir.
Dərgidə Avstraliyanın Araşdırma Mərkəzindən olan bir qrup alimin əldə etdiyi məlumatlar dərc edilib. Alimlər 34 kişi və 34 qadından ibarət qrupa onların tanımadığı insanların rəngli fotoşəkillərini göstəriblər. Şəkillərə nəzər salan könüllülər naməlum şəxslərin şəxsi həyatlarında nə qədər sadiq olduqlarını qiymətləndirməli idilər. Bu qaydada cəmi 189 nəfər qiymətləndirilməli idi.
Daha sonra tədqiqatçılar əldə olunan nəticələri tədqiqatın personajlarının şəxsi həyatları ilə müqayisə ediblər və belə nəticəyə gəliblər ki, qadınlar həmin şəxslərdən kimin sadiq, kimin etibarsız olduğunu daha dəqiq müəyyən edə bilirlər. Bu zaman onlar öz fikirlərini hər bir kişinin nə dərəcədə cəsarətli görünməsi ilə əsaslandırıblar. Onlar bu keyfiyyətin həddindən çox olduğu şəxsləri eşq macəralarına daha meyilli insan kimi qiymətləndiriblər.
Öz növbəsində, kişilər bu zaman qadının cazibədarlığını əsas götürərək nisbətən daha gözəl olanların vəfasız olduğu qənaətinə gəliblər. Alimlərin sözlərinə görə, nəticədə bu zaman kişilərin müqayisə reytinqi reallığa daha az uyğun gəlib.