...

Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir

Maraqlı Materials 30 Yanvar 2013 15:43 (UTC +04:00)
Britaniyanın Cənubi Yorkşir qraflığının Barnsli şəhərində yaşayan üçyaşlı Şervin Şarabi dünyanın ən ağıllı adamlarını birləşdirən beynəlxalq "Mensa Dahilər Cəmiyyəti”nin ən gənc üzvlərindən biri olub.
Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Britaniyanın Cənubi Yorkşir qraflığının Barnsli şəhərində yaşayan üçyaşlı Şervin Şarabi dünyanın ən ağıllı adamlarını birləşdirən beynəlxalq "Mensa Dahilər Cəmiyyəti"nin ən gənc üzvlərindən biri olub.

Trend xarici KİV-ə istinadən məlumat verir ki, bu oğlan intellekt səviyyəsi üzrə testdə 136 ballıq nəticə əldə edib. Yaşlı adamlar üçün bu testdə orta göstərici 100 bal, xüsusi istedadlılar üçün isə 130 bal təşkil edir.

Qeyd edək ki, Şervin 10 aylığında danışmağa başlayıb, 20 aylığında isə artıq mürəkkəb cümlələr qura bilib. Hazırda o, xəritədə istənilən dövləti tapır və onun bayrağını göstərir. "O, son dərəcədə biliklidir, demək olar, hər şeyi bilir. O, hətta uşaq verilişlərinə deyil, xəbər buraxılışlarına baxır. Mən heç vaxt onu nəyisə öyrənməyə məcbur etməmişəm. O özü yaxınlaşır və hər şeyi soruşur", - uşağın 36 yaşlı anası Amanda Şarabi bildirib.

Belə gənc yaşda bu qədər yüksək intellekt səviyyəsinə çox nadir hallarda təsadüf olunur. Lakin buna baxmayaraq, Şervin Şarabi rekordçu vunderkindlərə çata bilməyib. Belə ki, 2011-ci ilin yayında üçyaşlı Saffron Plecer IQ-testindən 140 bal toplamışdı. Amma bu da gənc zəka sahiblərinin sonuncusu deyil. Belə ki, 2009-cu ildə "Mensa"nın sıralarına Londondan olan Eliz Tan Robertz qəbul edilib. Uşağın IQ səviyyəsi 156 bal təşkil edib. Bu zaman o, cəmi iki yaş dörd aylıq olub.

Qeyd edək ki, Böyük Britaniyada "Mensa"nın 22 minə yaxın üzvü var, onlardan cəmi 100-nün yaşı 10-dan aşağıdır. Ümumilikdə, "Mensa" təxminən 100 ölkədən 110 mindən artıq insanı birləşdirir. Təşkilatın ən böyük nümayəndəliyi ABŞ-dadır. Onun 56 mindən çox üzvü var. Böyük Britaniya ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti