Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Müdafiə Nazirliyi rəsmən bəyan edib ki, ölkənin tərkib hissəsi olan Dağlıq Qarabağda hər hansı bir dövlətin sülhməramlı ordusunun yerləşdirilməsi mümkün deyil.
" Dağlıq Qarabağla bağlı hər hansı məsələ Azərbaycanın iştirakı olmadan müzakirə obyekti ola bilməz. Suveren və müstəqil dövlət olan Azərbaycana kənar müdaxilələr mümkün deyil" - Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu şənbə günü Trend - a bildirib.
Trend - un arayışı: Rusiya kütləvi informasiya vasitələrinin xəbərinə görə, Rusiya ordusunun sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı rəsmi Moskva ilə Ermənistan arasında danışıqlar aparılır.
Sabiroğlunun sözlərinə görə, yayılan bu məlumatlar təxribat xarakterlidir. "İnformasiyaların uydurma olduğu dərhal nəzərə çarpır. Hesab edirəm ki, Ermənistanın özü də bu yalana inana bilməz. Ermənistan da yaxşı bilir ki, bu heç vaxt baş tuta bilməz", - deyə o bildirib.
Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]