Azərbaycan, Bakı, 06 dekabr/ Trend , müxbir E. Tariverdiyeva/ Helsinkidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri baza prinsiplərinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə veriblər. Bu barədə şənbə günü Trend -a ATƏT-in Minsk Qrupunun ABŞ - dan olan həmsədri Metyu Brayza bildirib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransının xarici işlər nazirləri və həmsədrlərin iştirakı ilə dekabrın 4-də Helsinkidə ATƏT-in xarici işlər nazirləri Şurasının illik iclası çərçivəçində görüşüblər.
"Helsinkidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında aparılan müzakirələr baza prinsiplərinin yaxşılaşdırlmasına və prezidentlər arasında keçirilən son konstruktiv görüşün verdiyi impulsu saxlamağa əhəmiyyətli töhfə verib", - deyə Brayza əlavə edib.
Noyabrın 2 - də Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü baş tutub. Göruşun yekunu üzrə Moskva Bəyannaməsi imzalanıb. Bəyanatda bildirilir ki, prezidentlər Madrid təklifləri əsasında Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllə sadiq olduqlarını təsdiq ediblər.
Amerikalı həmsədrin sözlərinə görə, tərəflərin müzakirəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə hər hansı bir düzəliş və ya prinsipial dəyişikliklər etməyib.
"Biz hər iki tərəfin ağıllı yanaşmaya nail olması üçün işi davam etdirmək qərarına gəldik", - deyə Brayza əlavə edib.
Ermənistan Azərbaycan torpaqlarının 20% -ni, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988 - ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını davam etdirirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]