Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Məclisinin (parlament) deputatı hesab edir ki, Xocalı soyqırımının xarici ölkələrin parlamentləri tərəfindən tanınması istiqamətində aparılan işlər sürətləndirilməlidir.
"Düşünməməliyik ki, Xocalı soyqırımının törədilməsindən 17 il keçib və indiyə qədər soyqırım aktı kimi tanıtdırmaq istiqamətində gördüyümüz işlər nəticə verməyibsə, bu istiqamətdə iş aparmağa ehtiyac yoxdur. Bu, uzun prosesdir və davamli olaraq işlər aparmalıyıq ki, nəticəyə nail olaq", - çərşənbə axşamı Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalıb. Çünki 4 aydan artıq zaman ərzində mühasirədə olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsini araşdırır, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə Trend -a bildirib.
Paşayevanın sözlərinə görə, ermənilər qondarma erməni soyqırımı ilə bağlı yalanlarını tanıtdırmaq üçün uzun illərdir ardıcıl olaraq təbliğat aparırlar. "Xocalı soyqırımı yeni tarixdə bütün dünyanın gözü qarşısında törədilən hadisədir. Soyqırımın dünya səviyyəsində tanıtdırılması istiqamətində işlərimizi 50-100 il də aparmalıyıq ki, insanların qanı yerdə qalmasın", - millət vəkili deyib.
Millət vəkili Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinə daha geniş və dolğun məlumatların çatdırılmasının vacib olduğunu deyib. "Bu istiqamətdə həm Azərbaycanın, həm də xaricdəki diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Diaspor təşkilatlarımız çox olduğu ölkələrdə bu iqtiqamətdə işləri daha geniş həyta keçirə bilərlər", - millət vəkili deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]